Leopardlar bir ceyranın arxasından 3 km, dovşanın arxasından 300 metrə qaçar. Həmin məsafədə ovunu tutmadısa qaçmağı dayandırar. Niyə? Çünki, leopardın ovundan alacağı enerji, ovu tutmaq üçün sərf etdiyi enerjidən artıq olmalıdır.
Pinqvinlər suda-quruda yaşadıqları üçün gəzməyi bacarmaq məcburiyyətindədir. Amma böyük bədənlə proporsiyada kiçik ayaqlara sahibdirlər. Kiçik ayaqlarla daha uzun məsafə qət etmək ciddi enerji tələb etdiyindən, sərfiyatı azaltmaq üçün pinqvinlər sağa-sola yellənərək, yanlara addım ataraq hərəkət edərlər. Digər heyvanlar kimi, onlar da irəli addım ataraq hərəkət etsəydilər mövcud bədən və ayaq proporsiyası ilə iki dəfə artıq enerji sərf etmiş olardılar. Uzun məsafələrə uçan quş sürüləri xaotik şəkildə deyil, “V” şəkilli düzülüşdə uçurlar. Bu şəkildə uçuşla quşlar qarşılaşdıqları hava təzyiqini azaldaraq təxminən 20-25% enerjiyə qənaət etmiş olurlar. Misalları artırmaq olar. Təbiətdə mövcud olan bütün sistemlərin tabe olduğu “effektivlik” qanunu var.
Cəmiyyət də təbiətin yaratdığı “effektivlik” adlandırılan bu qaydaya uymaq zorundadır. Normal bazar iqtisadiyyatı məhz bu qayda ilə çalışır. Buna görə dövlət binalara, infrastruktura, tədbirlərə, büdcə vəsaitini sərf edərkən, idman və ya elm strateji seçimini edərkən onların gətirəcəyi “enerjini” onlara sərf edilən “enerji” ilə qarşılaşdırmalıdır. Əks təqdirdə, dövlət cəmiyyət qanunlarından daha üst səviyyə olan, daha sabit olan və uzun müddətdə dəyişən təbiət qanunlarına qarşı çıxar və birmənalı məğlub olar. Çünki, təbiət dövlətin deyil, dövlət və cəmiyyət təbiətin bir parçasıdır.
