Beyləqanda Yapon hökumətinin yardımı ilə tikilən tualetin açılışı gündəmin ən qaynar mövzusuna çevrilib. Yadıma Yapon hökumətindən kolleclərdə çalışmaq üçün müəllim, infrastrukturun qurulması üçün texniki yardım xahiş edən, ABŞ prezidentindən araşdırma mərkəzinin qurulması üçün dəstək istəyən, Almaniyadan gənclərin təhsilinə şərait yaratmağı xahiş edən Cənubi Koreyanın rəhbəri olmuş General Park Chung-hee düşdü. Ölkəsini yoxsul bir əyalətdən inkişaf etmiş ölkəyə çevirdi. Necə deyərlər niyyətin hara, mənzilin ora. Yapon hökuməti Azərbaycanda bağça tikdi, kiçik məktəblər tikdi, tualet istədik, iki alim istəmmədik Yapon hökumətindən ki, gəlib bizə tualet tikmək öyrətsin (I mean zero waste bio-toilet).
General Park 1961-ci ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlir. Həmin illərdə Cənubi Koreyanın adam başına düşən milli gəliri 72$, savadlılıq səviyyəsi 22% idi. Ən əsası isə Şimali Koreya yarmadada həm iqtisadi, həm də hərbi baxımdan əsas güc hesab edilirdi. General Park 1979-cu ilə qədər hakimiyyətdə qalır və avtoritar hökumətə rəhbərlik edir. Onun hakimiyyət illəri ciddi represiyalarla müşaiyət olunsa da Çənubi Koreyanın iqtisadi, elmi-texniki inkişafının əsası həmin illərdə qoyulur. 1979-cu ildə öz yaxın dostu və ölkənin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Kim Jae-gyu tərəfindən nahar zamanı güllələnir. O öldürüləndə Cənubi Koreyada savadlılıq səviyyəsi 88%-ə qalxmış, ixrac 100 dəfə artmışdı.
Bir misal: Ölkədəki ciddi etirazlara baxmayaraq General Park Koreya qoşunlarının Vietnamda ABŞ tərəfdən iştirakına razılıq verir. Bunun əvəzində isə ABŞ prezidenti Lyndon Johnsondan Elm və Texnologiya İnstitutunun, ixtisaslaşmış dövlət araşdırma mərkəzlərinin və elm parklarının yaradılmasına dəstək olmasını istəyir. 1965-ci ilin mayında Vaşinqtonda keçirilən Koreya ABŞ sammitinin yekununda son ana qədər araşdırma institutu və ya texniki kollecin yaradılması müzakirə olunur. ABŞ kollecin yaradılmasının tərəfdarı olsa da General Parkın israrları üzərinə İnistitutun yaradılmasına dəstək göstəriləcəyinə razılıq verilir.
KIST - Koreya Elm və Texnologiya İnstitutunun inşaasına 1965-ci ilin oktyabrında başlanır. General Park demək olar ki, hər ay azı 1-2 dəfə tikintini ziyarət edir, çalışanları həvəsləndirəcək çıxışlar edirdi. İnistitut istifadəyə verildikdən sonra da Park mütəmadi olaraq oranı ziyarət edir, araşdırmaçılarla müzakirələr aparırdı.İnstitutun təklif etdiyi əməkhaqqı digər sahələrdən azı üç dəfə artıq idi, həmçinin işçilərin ev, sğorta və onların övladlarının bütün təhsil xərcləri qarşılanırdı. General Park İnstituta səfərində əməkhaqqı cədvəlinə baxır və araşdırmaçıların yüksək maaşına belə münasibət bildirir: “əməkdaşlarınızın çoxu məndən daha yüksək maaş alır, amma mən bundan narazı deyiləm. Belə də olmalıdır”. Nəticə isə məlumdur, bu gün KİST - Koreya Elm və Texnologiyalar İnstitutu dünyada ən çox patent yaradılan elmi mərkəzlərindən biridir, bio-mikrosistemlər, neuroscience, neuro-tibb, yarımkeçiricilər sahəsində ən nüfuzlu araşdırma mərkəzidir. Fırlanan tranzistor yarımkeçiricilər burada kəşf edilmişdir. Hazırda İnstitutda 2 mindən artıq alim çalışır.
General Parkın təhsil strategiyası onun və Cənubi Koreyanın iqtisadi uğurlarının açarı hesab edilir və aşağıdakı istiqamətləri əhatə edir:
- İnkişafın bütün istiqamətlərində elm və təhsilin mərkəzi xarakter daşıması
- İş yerlərinin yaradılması və təhsilin planlaşdırılmasının paralel aparılması
- Sosial və iqtisadi dəyişiklikdə təhsil əsas amil hesab edilməsi
- Milli kimliyin formalaşmasında təhsilin əsas amil hesab edilməsi
Universitetlər və təhsil təşkilatları uyğun sənaye sahələrinə paralel olaraq yaradılırdı. Pusan Milli Universiteti maşınqayırma, Kyungpook Milli Universiteti elektronika, Chonnam Milli Universiteti kimya və sənaye təhsili sahələrində ixtisaslaşdırıldı. Nəticədə Koreyanın kollec və universitetləri həm nəzəri, həm də praktiki baxımdan gücləndi. Tələbələrin təhsilhaqqı, təhsil xərcləri, yemək, qalmaq xərcləri dövlət və həmin universitetin bağlı olduğu sənaye təşkilatları tərəfindən qarşılanırdı.
General Park’ın ilk 5 illik planının hədəfləri:
- Enerji resursları ilə təminat, elektrik və kömür daxil olmaqla
- İnfrastrukturun genişlənməsi (dəmiryolları, portlar)
- Baza sənaye sahələrinin yaradılması (sement, gübrə, polad emalı)
- Kənd təsərrüfatı istehsalının genişləndirilməsi
- Xarici ticarət balansının yaxşılaşdırılması (ixrac iqtisadiyyatının qurulması)
- Texnologiyaların inkişafı
Avtoritar rəhbər olmasına baxmayaraq indi də xidmətləri Cənubi Koreyada yüksək qiymətləndirilir. General Parkın qızı Park Geun-hye hazırda Cənubi Koreyanın prezidentidir.
