Skip to main content

Aşağı karbon iqtisadiyyatı və ya neft qərarı: COP21

BMT-nin baş katibi Ban Ki-moon: bu əvəzsiz razılaşma insanlıq üçün böyük sıçrayışdır.
Bu ilin 7-8 iyun tarixlərində Almanyada keçirilmiş böyük yeddilərin (G7) görüşündə aşağı karbon iqtisadiyyatı, mədən yanacağının alternativlərinin inkişafı, alternativ enerji sahəsində innovasiyaların dəstəklənməsi sahəsində təşəbbüslər dəstəklənmiş və bu yekun deklorasiyada öz əksini tapmışdı. Artıq bir neçə ildir ki, qərb ölkələrində aşağı karbon iqtisadiyyatı haqqında daha yüksək səslə danışırlar. Bu mövzu böyük yeddilər, BMT, Avropa Birliyi səviyyəsində müzakirə olunur və ən əsası dəstəklənir.
İl başa çatmamış daha bir önəmli və qlobal razılaşma əldə olundu. BMT-nin Parisdə keçirilən İqlim Dəyişikliyi Konfransı (COP21) dünən başa çatdı. Konfransda tarixdə ilk dəfə iqlim dəyişikliyi istiqamətində bütün dünya ölkələrinin razılığını ifadə edən Paris Razılaşması əldə olundu. 20 ildən artıq davam edən danışıqlar və 2 həftəlik konfrans nəticəsində 195 ölkənin əldə etdiyi razılıq mütəxəssislər tərəfindən tarixin dönüş nöqtəsi adlandırılır.

Yəqin ilk sual yarandı: “Dünyadan bizə nə?” Bu razılaşma karbon əsaslı yanacaqlardan imtina ilə bağlı mühüm addımdır. Ekoloji hədəflər müxtəlif ölçü meyarları ilə ifadə olunsa da, razılaşma dünya iqtisadiyyatının karbon əsaslı yanacaq mənbələrindən asılılığının aradan qaldırılmasını hədəfləyir. İlk dəfədir ki, dünyanın böyük maliyyə qurumları, bankları təmiz, yenilənə bilən enerji mənbələri ilə bağlı texnologiyaların inkişafına sərmayə qoymaq təşəbbüsü göstərdi. Təkcə Fransa maliyyə institutları təmiz enerji təşəbbüslərinin inkişafına 200 milyard dollardan çox investisiya yönəldəcək (məsələn, Credit Agricole CİB 60 milyard dollar, neft şirkəti Total-ın da daxil olduğu Fransız enerji və texnologiyalar şirkətlər asosasiyası 80 milyard dollar və s). Bu günə qədər, yüksək karbon fəaliyyətinin əsas investisiya mənbələri olan Amerika Bankı, HSBC, Çin Bankı kimi böyük maliyyə instututları artıq alternativ enerji innovasiyalarını strateji məqsədlər sırasına daxil etdi.

ABŞ və neft nəhəngi Səudiyyə Ərəbistanının da daxil olduğu 20 inkişaf etmiş və inkişaf etməkdə olan yeni sənaye ölkələri təmiz enerji innovasiyaları, alternativ enerji mənbələrinin araşdırılması və inkişafı fəaliyyətinə 10 milyard dollar investisiya yatırmağı nəzərdə tutan "İnnovasiya Misiyası"nı razılaşdırdı. Bu misyanın əsas hədəfi 2030-cu ilə qədər təmiz enerji mənbələrinin iqtisadi cəhətdən daha dayanıqlı olmasına bilavasitə yardım etmək, bu sahədə aparılan elmi araşdırmaları təmənnasız dəstəkləməkdir. Proqram dünyanın zənginləri Bill Gates (artıq proqrama 2 milyard dollar ianə edib), Mark Zuckerberg, Richard Branson, Mukesh Ambani tərəfindən də dəstəklənir.
Mədən yanacaqlarının alternativ enerji mənbələri ilə əvəz edilməsinin əsas məqsəd kimi irəli sürüldüyü Paris Razılaşmasının yerinə yetirilməsinə təkcə inkişaf etməkdə olan ölkələr 2020-ci ilə qədər hər il 18 milyard dollar vəsait yönəldəcək. Yaponiya isə bu məqsədlə hər il azı 10 milyard dollar xərcləməyi planlaşdırır.

İqlim dəyişikliyi və aşağı karbon iqtisadiyyatı ilə bağlı təşəbbüslər əsasən inkişaf etmiş ölkələr tərəfindən dəstəklənmirdi. Bundan qabaq irəli sürülmüş Kioto Protokolunu da məhz ABŞ, Çin kimi ölkələrdən tam dəstək almadı. Sual yaranır, nə baş verir ki, ABŞ, Fransa, Almanya 2015-ci ildə nəinki bu təşəbbüslərin əsas hərəkətverici qüvvəsinə çevrilir, hətta iqtisadiyyatı birbaşa neft məhsullarından asılı olan Ərəbistanı da bu təşəbbüslərə dəstək olmağa “məcbur” edir? Cavab texniki cəhətdən çox mürəkkəb olsa da ifadə olunması baxımdan olduqca sadədir: innovasiya və yeni texnologiyalar. Böyük elmi mərkəzlər artıq müxtəlif istiqamətlərdə təmiz enerji texnologiyalarını elm ictimaiyyətinə təqdim ediblər. İndi əsas məqsəd bəzən nəzəri, bəzən də labaratoriya səviyyəsində olan bu innovasiyalara, ideyalara maliyyə resursları yönəldib onların kütləvi istehsalı, tətbiqinə nail olmaqdır. Son hadisələr göstərir ki, neft iqtisadiyyatının (yuxarı karbon iqtisadiyyatı) ömrü çox uzun olmayacaq. Bu təkcə neftə alternativ texnologiyalar və ya enerji mənbələri ilə bağlı innovasiyalarla  deyil, həm də elə neft və neft məhsullarından daha effektiv istifadəyə yönələn texnologiyaların tətbiqi ilə baş verəcək.