Skip to main content

Niderlandın pensiya sistemi


Niderland şübhəsiz dünyanın ən qabaqcıl pensiya sisteminə malik ölkədir. Bu ölkədə pensiya sistemi üç qola bölünür: dövlət pensiyası, əlavə kollektiv pensiya sub-sistemi və özəl fərdi pensiya məhsulları. Təqaüdə çıxan insan bu üç qoldan birincidən, birinci və ikincidən və ya birinci və üçüncü qoldan, eləcə də hər üç qoldan təqaüd ala bilər.
Birinci qol. Dövlət pensiyasının tənzimləndiyi "Yaşa görə pensiya qanunu" 1957-ci ildə qüvvəyə minmişdir. Bu təqaüd növü baza gəliri təmin edir və minimum əməkhaqqı səviyyəsindən asılıdır. Evli yaşlıların (ər və həyat yoldaşı sağdırsa) hər biri minimum əməkhaqqının yarısı qədər (hazırda təxminən 700 Avro məbləğindədir) təqaüd alır. Tək yaşayan yaşlılarda isə bu məbləğ 70% və ya 1000 Avro civarındadır.  15-65 yaşlarda çalışan hər bir Niderland vətəndaşının əməkhaqqından 2% pensiya fonduna köçürülür ki, bu məbləğ də pensiya ödənişləri üçün istifadə olunur. İşəgötürən isə işçinin pensiya hesabına qross əməkhaqqının 17.9% məbləğində vəsait köçürür. Lakin, işləməyən insanların hesabına da dövlət dəstəyi ilə pensiya vəsaiti toplanır. Hazırda pensiya yaşı 65 yaş olsa da Niderland höküməti 2020-ci ildən bu yaşı 66-a, 2025-ci ildən isə 67 yaşa qaldırmağı qərara alıb.
İkinci qol. Əlavə kollektiv pensiya qolu pensiya fondu və ya sğorta şirkəti tərəfindən idarə edilir. Niderlandda 3 növ pensiya fondu fəaliyyət göstərir: 
1. sahələr üzrə formalaşmış fondlar ( məsələn, tikinti sənayesi üzrə, dövlət qulluğu üzrə, xidmət sahələri üzrə və s.); 
2. Korporativ pensiya fondları (yalnız bir şirkət üzrə və ya korporasiya üzrə formalaşan pensiya fondudur); 
3. Fərdi metəxəsis fondları (Müstəqil mütəxəsislər üçün, məsələn, stomotoloqlar, cərrahlar və s. üzrə). 
Pensiya fondları gəlir güdməyən təşkilatlardır və müstəqil hüquqi şəxs qismində formalaşır. Eləcə də, qanuna əsasən bu fondlar bir şirkətə bağlı ola bilməz. Hazırda Niderlandda 600-dən çox pensiya fondu mövcuddur. Bunlar arasında ən böyük fondların milyondan çox üzvü var ki, bu fondlarda da 150 milyard Avro məbləğində kapital formalaşır. Lakin, 100 nəfərdən az üzvü olan fondlar da az deyil. Belə fondlarda milyon Avroya yaxın vəsait toplanır.
Üçüncü qol. Fərdi pensiya məhsulları adətən fərdi şəkildə sahibkarlıqla məşğul olan və kollektiv pensiyaya sahib olmayan işçilər tərəfindən istifadə olunur. Bu istiqaməti seçən insanlar adətən pensiya fonduna daha çox vəsait yönəldə bilirlər ki, bu da onların vergi yükünü azaldır.
Pensiya fondlarının idarə edilməsinə ümumi nəzarət iki qurum tərəfindən həyata keçirilir: Mərkəzi Bank və Maliyyə Bazarları Adminstrasiyası. Mərkəzi Bank fondların maliyyə mövqelərini və sağlamlığını yoxlayır və fondlara bu yöndə nəzarət edir. Təqaüd haqqında qanunun əsas hissəsini təşkil edən maliyyə qiymətləndirməsi çərçivəsi tələb edir ki, fondlar öz öhtəliklərini yerinə yetirməyə kifayət edəcək qədər likvid vəsaitə sahib olsunlar. Maliyyə Bazarları Adminstrasiyası isə pensiya fondlarının davranışlarına nəzarət edir. Xüsusilə, fondun xidmətindən istifadə edən insanlara fondla bağlı məlumatların çatdırılmasına, fondun fəaliyyətinin normalara uyğun həyata keçirilməsinə bu təşkilat tərəfindən nəzarət olunur.
Niderland qanunvericiliyinə əsasən pensiyanın hesablanmasında bir neçə sxem-metod istifadə olunur. Ən geniş istifadə olunan sxem maaş əsaslı metoddur ki burada pensiya məbləği təqaüdçünün iş illərindən və əməkhaqqı məbləğindən asılı olur. Bundan başqa müəyyən olunmuş məbləğ sxemi də mövcuddur ki, burada pensiya məbləği təqaüdçü tərəfindən fonda toplanmış vəsaitin həcmindən və həmin vəsaitin gətirdiyi investisiya gəlirindən asılı olur. Həmçinin, qeyd edilən bu iki metodun birləşdirildiyi hibrid sxem də mövcuddur ki, burada pensiyanın məbləği əməkhaqqı və təqaüdçünün qeyd olunan sxemə qoşulduğu illərin sayından asılı olur.
Hazırda Niderlandda yaşa görə təqaüdə çıxmış təqaüdçülərin orta illik təqaüd məbləği 24.900 Avrodur. Fərdi sahibkarlıqla məşğul olmuş təqaüdçülərin orta illik təqaüd məbləği 12-15 min Avrodur. İşləməyən, lakin yaşa görə təqaüdə çıxmış Holland vətəndaşların isə orta illik təqaüdü 11-12 min avrodur. Hazırda 60%-dən artıq təqaüdçülər birinci kateqoriyaya uyğun olaraq təqaüd alırlar.