Bütün böyük şəhərlərdə “baş plan” adlı layihə olur ki, bu da şəhərin gələcək inkişafını, yaşayış, iş mərkəzlərinin, infrastrukturun planlaşdırılmasını nəzərdə tutur. Bakının indiyə qədər 4 belə baş planı olub. İlk plan 1898-ci ildə o dövrün məşhur mühəndisi Fon Der Nonne tərəfindən hazırlanıb. Sonuncu baş plan 1987-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib. Göründüyü kimi Bakının genişlənməsinin və inkişafının ən pik vaxtlarını (2005-2015) əhatə edən baş plan olmayıb. 1987-ci ildə hazırlanan planın nə qədər təkmil olduğunu bu sahənin mütəxəssisləri deyə bilər.
Burada keçən il intensiv müzakirə olunan “Böyük Bakının regional inkişaf planı”da “ağıllı şəhər” (smart city) konseptinin istifadəsindən (və ya istifadə olunmamasından) və onun Çinin Wuhan şəhərinin 2030-cu ilə qədər dövrü əhatə edən planında yerini qeyd etmək istəyirəm. Regional inkişaf planı Bakı və ətraf bölgələrin 2030-cu ilə qədər inkişafını nəzərdə tutur. Bütöv bir innovsiyalar dövrünü əhatə etsə də, həmin inkişaf planında “ağıllı şəhər” modelindən, elementlərindən necə istifadə olunacağı ilə bağlı heç bir məlumat yoxdur. Rəsmilərin çıxışlarında, sənədin təqdimatında tikinti planlaşdırması, iqtisadiyyat və ekologiya, nəqliyyat infrastrukturunun nəzərə alındığı qeyd olunur. Həmin sənədə görə 2030-cu ildə Bakıda 2,3 milyon (?) əhali yaşayacaq (2030-u bilmirəm, indi Bakıda azı 3 milyon əhali var :)).
Şəkillərdə Wuhan şəhərinin baş planını görürsünüz. Planda şəhərin 2030-cu ilə qədər istifadə edəcəyi innovasiyalar ətraflı qeyd olunur.
“Big data” ilə bağlı elə planlar var ki, mövzud texnologiyalarla həmin planları icra etmək mümkün deyil. Lakin, gələcəkdə belə texnoloji həllərin yaradılacağı gözlənilir. “Ağıllı elektrik şəbəkəsi”, su paylama, nəqliyyat sistemi, istifadə ediləcək sensor şəbəkəsi və yığılacaq data, onun isifadəsi ilə bağlı planlar şəhər planlamasında nəzərə alınıb. Ən əsası, iş yerləri, əmək qüvvəsinin axınları, onların tənzimlənməsi simuliasiyaları hazırlanıb. 2020-ci ilə qədər Wuhan şəhərinin tam “ağıllı şəhər” olacağı planlaşdırılır.
“Ağıllı şəhər”lə bağlı üç misal:
1. yük maşınları şəhərin müxtəlif hissələrinə girişinə məhdudiyyət tətbiq olunur. Bu maşınlar müəyyən körpülərdən, keçidlərdən və şəhərin mərkəzi yollarından 8.00-20.00 aralıqda istifadəyə görə əlavə ödəniş edirlər (bəzi yollar isə ümumiyyətlə pulludur). Ödəniş etmək üçün maşını saxlamağa ehtiyac yoxdur. Maşın həmin yola daxil olarkən ağıllı kameralar həmin maşının nömrəsini qeydə alır və maşının sürücüsünə ödənişlə bağlı qısa mesaj göndərir. Hətta, sürücünün telefon balansından və ya bank kartından avtomatik məbləğin çıxılması da mümkündür.
2. Hazırda mövcud bütün elektrik şəbəkələrində son istifadəçinin istehlak etdiyi və ya edəcəyi həcmdən, yəni tələbatdan asılı olmayaraq elektrik istehsal olunur. Tələbat istehsaldan azdırsa istehsal edilib şəbəkəyə göndərilmiş elektrik itkiyə gedir. Tələbatın istehsaldan çox olması texniki qəzaların baş verməsinə səbəb olur. “Smart grid” (ağıllı şəbəkə) modelində isə son istifadəçinin elektrik sayğacında xüsusi sensorlar istifadəçinin elektrik tələbatını müəyyən edir və real vaxt rejimində istehsalçıya çatdırır. Beləliklə istehsalçı tələbata maksimum yaxın həcmdə elektrik istehsal edir. Itkilərin azalması hesabına əlavə fayda qazanılır.
3. Avtomobil dayanacaqlarında istifadə olunan ödəniş aparatları dünyanın ən müasir şəhərlərində belə var. Bu aparatlar saat hesabında parklamaya görə ödənişi qəbul edir. Avtomobillərə quraşdırılmış xüsusi çiplərlə bu aparatlar olmadan, həm də daha dəqiq ödəniş hesablamaq və həyata keçirmək mümkündür. Avtomobil dayanacaqda park edilir. Dayanacaqdakı detektor avtomobili və saxlanma vaxtını qeydə alır. Avtomobil parkdan ayrılanda dəqiqəsinə qədər dayanma zamanı müəyyən olunur və sürücüyə dayanacağa görə ödənişlə bağlı məlumat verilir. Bu sistemdə ödəniş aparatlarının yanında nəzarətçi saxlamağa çəkilən xərclər azalır. Eləcə də, sürücülər daha dəqiq (dəqiqə ilə) ödəniş etmiş olur.
