Skip to main content

Sadıq Dadaşov

May ayında baş vermiş yanğınla əlaqədar komissiyanın toplantısında binada istifadə olunmuş materialla bağlı rəyin S. Ə. Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutu tərəfindən verildiyi bildirildi. Həmin İnstitut Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tabeliyində fəaliyyət göstərən beş layihə institutundan biridir. Əsas fəaliyyəti inşaat materiallarının istehsalı və tikinti sənayesi sahələrində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə elmi-tədqiqat işlərinin aparılması, tikintiyə dair normativ-texniki sənədlərin hazırlanmasında iştirak istiqamətindədir. Əslində məqsədim həmin institut haqqında yox, onun adını daşıdığı memar Sadıq Dadaşov haqqında yazmaq idi. Sovet Azərbaycanı memarlığının banilərindən hesab olunan Sadıq Dadaşov yaradıcılığı Azərbaycan memarlığı tarixinə əvəzolunmaz izlər qoyub. Onun işləri arasında Texniki Universitetin binası, ADNA-ın əsas binası, Bakı Musiqi Akademiyası, Nazirlər Kabineti, Nizami kinoteatrı (28 may küçəsi, simmetrik binalar), AMEA kompleksi, Nizami adına ədəbiyyat muzeyinin bərpası və s. onlarla yaşayış və inzibati binalar var (bu layihələrin əksəriyyəti dəyərli memar və S. Dadaşovun dostu Mikayıl Hüseynovla birlikdə hazırlanıb, onun haqqında bir az sonra). 

Sadıq Dadaşov və Mikayıl Hüseynovun yaradıcılığını araşdıran memar Nəriman Əliyev yazırdı ki, bu iki gənc memarın ən şedevr əsəri indiki Azadlıq meydanı ətrafında yerləşən Hökumət Evi layihəsi üçün təqdim etdikləri iş olub. Hökumətin fəaliyyətini təmin etmək üçün inzibati binanın tikintisi məqsədi ilə 1932-ci ildə müsabiqə elan edilir. Iki illik müzakirələrdən sonra 1934-cü ildə müsabiqənin qalibləri müəyyənləşir. Bu müsabiqəyə Mikayıl Hüseynov və Sadıq Dadaşov da layihə təqdim edirlər. Onların əsərləri bu günə kimi ən layiqli əsər hesab olunur (oğul istəyirəm həmin layihəni qaldırıb Bakıda inşa edə). Müəyyən səbəblərdən həmin layihə təsdiqlənmir, baxmayaraq ki, daha təkmil və əzəmətli idi. Moskvadan münsiflər heyəti müsabiqədə birinci yeri Lev Rudnyevə (Varşavanın mərkəzindəki “Mədəniyyət və elm sarayı”nın müəllifi-şərhdə) verir və onun layihəsi inşa olunur (hazırki Hökumət evi).  

 Sadıq Dadaşov 36 yaşında SSRİ Memarlıq Akademiyasının müxbir üzvü, 40 yaşında Azərbaycan SSRİ Elmlər Akademiyasının akademiki olur. Təəssüf ki, O, 41 yaşında, yaradıcılığının ən məhsuldar vaxtında uzun sürən xəstəlik nəticəsində dünyasını dəyişir.
 Bu gün memarlığımızın “penoplast”a möhtac qaldığına baxmayın, dəyərli memarlıq məktəbimiz olub, indi də dəyərli memarlarımız var. Pozitiv olaq!