Skip to main content

28 aprel tarıxının İLDIRIMı

Çingiz İldırım ADR hökumətinin Hərbi Dəniz Donanmasının rəhbəri idi. 27 apreldə Qırmızı ordu Bakıya daxil olanda ADR hökumətinin devrilməsində önəmli rol oynamışdı. Bakı dəniz məktəbinin kursantlarının silahsızlaşdırılmasına, Bayıl türməsinin ələ keçirilib dustaqların azad edilməsində özü şəxsən iştirak etmişdi.
Aprelin 26-sı gecə Çingiz, silah gücünə Bakını dənizdən qoruyan sahil toplarını ələ keçirdi. Bununla dəniz donanmasına yarana biləcək təhlükəni aradan qaldırdı. 27 aprel səhərində Çingiz İldırımın əmri ilə ADR-in Xəzər hərbi donanmasında Azərbaycan bayraqları Qırmızı bayraqlarla əvəz olundu və silahlar hökumət və parlament binalarına tuşlandı. Ən əsas "xidməti" isə onun rəhbərliyi ilə Parlamentin mühasirəyə alınması və ADR hökumətinə ultimatum verməsi oldu. Sovet dönəmində Çingiz İldırım Xalq Yollar Komissarı kimi Bakı-Sabunçu yolunun, Bakı-Culfa dəmiryol xəttinin çəkilməsinə bilavasitə rəhbərlik etmişdi. Azərbaycan kəndlərinin elektrikləşməsi, 20-ə yaxın elektrik stansiyasının tikilməsi onun adı ilə bağlıdı. Çingiz, Leytinant Şmit adına metallurgiya zavodunun (Heydər Əliyev mərkəzi həmin zavodun yerində tikilib, sonradan Səttərxan adına zavod adlandırıldı.) yaradılmasına rəhbərlik etmişdi. Sovet metallurgiyasının mərkəzi sayılan Maqnitoqorsk dəmir və polad zavodunun (indi də Rusiyanın ən böyük metallurgiya zavodudur) layihə rəhbəri olmuşdu. İngilis dilini mükəmməl bilən Çingiz, həmin zavod üçün Almaniya və ABŞ-dan avadanlıqların alınması üçün bir neçə dəfə həmin ölkələrə səfər etmişdi. Maqnitaqorsk şəhərinin salınmasını seyr edən Maksim Qorki deyir: “Çingiz İldırım bəşər deyil, oddur, alovdur, ildırımdır”. Çingiz İldırım ömrünün son illərində Ukraynanın ən böyük metallurgiya zavodu olan Kryvyi Rih layihəsinə rəhbərlik edirdi. O, 1937-ci ildə əksinqilabçı trotskiçi təşkilatla əlaqədə və Sovetə qarşı fəaliyyətdə günahlandırılaraq həbs olundu. Uzun və məşəqqətli istintaq dövründən sonra 41-ci ilin məhz 27 aprel tarixində güllələndi. İndi də adına Bakıda və Azərbaycanın müxtəlif rayonlarında, eləcə də, Gürcüstanda küçələr var.
PS: Doğrudur, Çingiz İldırımın Qarabağda və digər ərazilərdə daşnaq Andronikə qarşı mübarizədə xidmətləri olmuşdu. Amma bəzi tarixçilər, Çingizin Zəngəzurun Ermənistana verilməsini birbaşa himayə etdiyini qeyd ediblər.
Mənim nəticəm odur ki, Çingiz İldırım kımı səriştəli, savadlı, bacarıqlı və yüksək təşkilatçılıq qabiliyyəti olan biznes dili ilə desək “Project manager”ləri siyasətdən kənarda saxlamaq lazımdır.